Mingəçevirdə şəhid Hamlet Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
Mingəçevirdə şəhidlərin əziz xatirəsinə həsr olunan daha bir tədbir keçirilib. Bu dəfə Birinci Qarabağ müharibəsi şəhidi Hamlet Məmmədovun xatirəsi yad edilib.
Mingəçevir Gənclər Evində Birinci Qarabağ müharibəsinin şəhidi Hamlet Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunub. Tədbirin keçirildiyi gün həm də şəhidimizin doğum günü olub. Yaşasaydı, 58 yaşı tamam olacaqdı. Ömrünün cəmi 24-cü baharında şəhidlik zirvəsinə ucalan Hamlet Məmmədov ailənin yeganə övladı olub.
Şəhid Hamlet Məmmədov 8 iyun 1968-ci ildə Ağcabədi rayonunun Qaradolaq kəndində anadan olub. O, 6 dekabr 1992-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidin xatirəsinin əbədiləşdirilməsi istiqamətində doğulduğu kənddə mühüm işlər görülüb. Ağcabədi rayonunun Qaradolaq kənd 1 nömrəli tam orta məktəbi onun adını daşıyır. Məktəbdə həm təhsil, həm də vətənpərvərlik tərbiyəsi istiqamətində müxtəlif tədbirlər və layihələr həyata keçirilir.
Şəhidin anası Təranə Məmmədova evin yeganə övladı olan oğlunun xatirəsini artıq 30 ildən çoxdur ki, həm böyük kədər, həm də sonsuz qürur hissi ilə yaşadır. Övladının şəhidlik zirvəsinə ucalmasından sonra ona aid hər bir xatirə ailə üçün müqəddəs bir əmanətə çevrilib. Təranə ana bu gün də yeganə övladının həsrəti ilə yaşayır.
Tədbirdə şəhid ailələri, qazilər, Mingəçevirin ziyalıları, yazarları və məktəblilər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin təşkilatçısı Nərmin Əliyeva iştirakçıları salamlayaraq tədbiri açıq elan edib. Daha sonra söz şəhidin anası Təranə Məmmədovaya verilib.
Təranə xanım çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və dövlət qurumlarına minnətdarlığını bildirib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan da bəhs edib.

Şəhid anası qeyd edib ki, Hamlet ailənin yeganə oğul övladı olsa da, hər zaman mərd, fədakar və ailəsinə bağlı bir gənc kimi tanınıb. O, gənclik illərini döyüş meydanlarında keçirib. Ana bildirib ki, övladının yoxluğu ailə üçün böyük bir boşluq yaratsa da, onun Vətən uğrunda şəhid olması təsəlli mənbəyidir.

Təranə xanım xatirələrini bölüşərkən ən təsirli məqamlardan birinə də toxunub. O bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı oğlunun döyüşdüyü cəbhədən gətirilmiş yaralı və qanlı Azərbaycan bayrağı bu gün də ailə tərəfindən müqəddəs əmanət kimi qorunur. Şəhid anası həmin bayrağı göz bəbəyi kimi saxladığını vurğulayıb.
O, həmçinin oğlunun adını daşıyan məktəbdə yaradılmış Zəfər Muzeyi barədə danışıb. Bildirib ki, Hamlet Məmmədovun şəxsi hərbi geyimləri və digər əşyaları muzeyə hədiyyə edilib. Təranə xanım muzeyin yaradılmasında əməyi olan müəllimlərə hər zaman minnətdar olduğunu qeyd edib.
Qeyd edək ki, hər il şəhidimizin anım günlərində ailə diqqətdən kənarda qalmır. Kənd ziyalıları, məktəblilər və ictimaiyyət nümayəndələri mütəmadi olaraq Təranə ananı ziyarət edir, onun dərdinə şərik olur və şəhidimizin əziz xatirəsini yad edirlər.

Tədbirdə şəhid Təbriz Cüməzadənin anası Ülviyyə xanım, qazi Tahirə xanım, Azərbaycan Qadınlar Cəmiyyətinin Mingəçevir bölməsinin sədri Adilə Cəlilova və təqaüddə olan yazıçı-jurnalist Yusif Ələkbərov çıxış edərək bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını bildiriblər.

Daha sonra Natiq Qasımov adına 4 nömrəli tam orta məktəbin, eləcə də 2 və 8 nömrəli məktəblərin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər səsləndirib, mahnılar ifa edib və kiçik səhnəciklər nümayiş etdiriblər.

Tədbirin sonunda şəhid Hamlet Məmmədovun əziz xatirəsinə ehsan süfrəsi açılıb. İştirakçılar süfrə arxasında şəhidlərimizin ruhuna dualar oxuyub, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqları bir daha ehtiramla yad ediblər. Şəhid ailələri ilə səmimi söhbətlər aparılıb, onların xatirələri dinlənilib və mənəvi dəstək göstərilib.
Esmira Hidayətova, Mingəçevir