Avrasiyada “Böyük Depressiya dövrü” başlayır: TDT Orta Asiyada Rusiya və Çinin əsarət sistemini dağıdır
Əgər, Orta Dəhliz üzrə layihələr genişlənərsə, infrastruktur imkanları artırılarsa və Türk dövlətləri arasında koordinasiya daha da güclənərsə, TDT Avrasiyanın ən önəmli geoiqtisadi mərkəzlərindən biri kimi ön plana keçə bilər.. Çünki Türk dünyası çərçivəsində formalaşmaqda olan yeni əməkdaşlıq modeli sadəcə, regional təşəbbüs deyil, bu proses Avrasiyanın gələcək güc balansında TDT faktorunun daha görünən və təsirli aktora çevrilməsinin sadəcə, başlanğıcıdır..
Türk dünyasının yeni sürətli yüksəlişi, Türk Dövlətləri Təşkilatının mərkəzləşməsi və Orta Dəhliz faktorı Avrasiyanın geopolitik xəritəsini ciddi şəkildə dəyişməyə başlayıb. Yəni, son illərdə Avrasiya məkanında cərəyan edən radikal geopolitik proseslər yeni qlobal güc mərkəzlərinin formalaşmasına da səbəb olur. Bu baxımdan, qlobal güc balansı artıq Qərb-Rusiya rəqabəti çərçivəsindən kənara çıxaraq, daha mürəkkəb və çoxqütblü sistemə çevrilir. Buna paralel olaraq isə Türk dünyası da özünün tarixi, iqtisadi və strateji potensialını yeni formatda nümayiş etdirməyə başlayıb.
Onu da qeyd etmək lazımdır, son vaxtlar Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində baş verənlər, bu qurum daxilində yeni əməkdaşlıq arxitekturasının möhkəmlənməsi baxımından, önəmli geopolitik mesaj xarakteri daşıyır. Halbuki, çox yaxın keçmişdə Türk dünyasında inteqrasiya prosesi əsasən mədəni və humanitar yaxınlıq, ortaq tarix və dil faktorları üzərində qurulan bir layihə kimi qəbul edilirdi. Ancaq indi TDT artıq iqtisadiyyat, logistika, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, müdafiə sənayesi və regional əlaqələndirmə sahələrində fəallaşan geoiqtisadi platformaya çevrilir. Və bu prosesin əsas dayaqlarından biri isə məhz Avrasiyanın yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşmasıdır.