“Qələmimlə qəhrəmanlarımızın yolunu işıqlandırmağa çalışıram” – Mingəçevirli gənc şair Nərmin Əliyeva ilə müsahibə
Mingəçevir şəhərində yaşayan gənc şair Nərmin Əliyeva yaradıcılığı ilə vətən sevgisini, milli-mənəvi dəyərləri və qəhrəmanlıq tariximizi gələcək nəsillərə çatdırmağı qarşısına məqsəd qoyub. Dövlət əhəmiyyətli günlər, şəhidlərin anım mərasimləri, vətənpərvərlik mövzusunda keçirilən tədbirlər və gənclərin milli ruhda yetişdirilməsi istiqamətində göstərdiyi fəaliyyət onun yaradıcılığının əsas xəttini təşkil edir. Nərmin Əliyeva ilə söhbətimizdə həm yaradıcılığı, həm də ictimai fəaliyyəti haqqında danışdıq.
– Nərmin xanım, əvvəlcə özünüz haqqında məlumat verməyinizi istərdik.
– Salam. Mən Nərmin Əliyevayam. Həyatımı iki müqəddəs sahənin – elmin və sözün vəhdəti üzərində qurmuşam. İnanıram ki, elm insanın düşüncəsini formalaşdırır, poeziya isə onun ruhunu zənginləşdirir. Həm fəaliyyətim, həm də yaradıcılığım vasitəsilə cəmiyyətə, xüsusilə də gələcək nəsillərin vətənpərvər, milli dəyərlərə bağlı yetişməsinə öz töhfəmi verməyə çalışıram.
– Yaradıcılığınızın əsas mövzuları hansılardır?
– Mən Mingəçevir Yazıçılar Birliyinin üzvüyəm və “Ürəyimdə közərən söz” adlı şeirlər kitabının müəllifiyəm. Yazılarımın əsas mövzusu Vətən sevgisi, qəhrəmanlıq salnaməmiz, şəhidlərimizin əziz xatirəsi və milli-mənəvi dəyərlərimizdir. Hesab edirəm ki, hər bir şair öz qələmi ilə xalqının tarixini, qəhrəmanlarını və mənəvi irsini yaşatmalıdır. Şeirlərimin bir qismi redaktoru dəyərli şair Elşən Əzim olan “Söz odası” jurnalında da dərc olunub.

– Dövlət və ictimai tədbirlərdə də fəal iştirak edirsiniz. Bu istiqamətdə fəaliyyətiniz nədən ibarətdir?
– Mənim üçün vətənpərvərlik təkcə şeirlərdə deyil, həm də əməli fəaliyyətlə yaşadılmalıdır. Buna görə də dövlətimizin əlamətdar günlərinə, şəhidlərimizin anım mərasimlərinə, şəhid ailələrinə həsr olunan tədbirlərə xüsusi həssaslıqla yanaşıram. Bu tədbirlər üçün vətənpərvərlik ruhunda şeirlər yazır, müxtəlif ədəbi-bədii proqramların hazırlanmasında iştirak edir və gənclərin milli ruhda tərbiyəsinə xidmət edən layihələr həyata keçirirəm.
İnanıram ki, bugünkü gənclər qəhrəmanlarımızı nə qədər yaxından tanısalar, Vətənə bağlılıqları da bir o qədər möhkəm olar. Bu, mənim həm yaradıcı, həm də vətəndaşlıq missiyamdır.

– Yadda qalan layihələrinizdən biri haqqında danışardınız.
– Mənim üçün ən yaddaqalan tədbirlərdən biri 17 fevral 2026-cı il tarixində təşkil etdiyim və Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı tədbir oldu. Bu tədbirin əsas məqsədi qəhrəmanlarımızın şücaətini gənc nəslə çatdırmaq, onların xatirəsini daim yaşatmaq idi. Bu cür layihələrin davamlı olması cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır.

– Bu fəaliyyətinizdə sizə dəstək olanlar barədə nə demək istərdiniz?
– Hər bir uğurlu layihənin arxasında dəstək dayanır. Bu və digər tədbirlərimin həyata keçirilməsində göstərdiyi diqqət və dəstəyə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısına dərin təşəkkürümü bildirirəm. Bu etimad mənim üçün yeni layihələr həyata keçirmək baxımından böyük stimul yaradır.

– Gələcək hədəfləriniz nələrdir?
– Ən böyük məqsədim qələmlə vətənə xidmət etməkdir. İstəyirəm ki, yazdığım hər misra insanlarda Vətən sevgisini daha da gücləndirsin, şəhidlərimizin xatirəsini yaşatsın və gənclərimizi milli-mənəvi dəyərlərə daha sıx bağlasın. Gələcəkdə də yeni kitablar, vətənpərvərlik mövzusunda layihələr və ədəbi tədbirlərlə oxucularımın qarşısında olmağı planlaşdırıram.

– Sonda oxucularımıza nə demək istərdiniz?
– Qəhrəmanlarımızı unutmayaq. Onların bizə əmanət qoyduğu Vətəni sevmək, qorumaq və gələcək nəsillərə bu sevgini aşılamaq hər birimizin borcudur. Mən də qələmim və fəaliyyətimlə bu müqəddəs yolda xidmət etməyə davam edəcəyəm.

Esmira Hidayətova, Mingəçevir