Köhnə ssenari işə yaramır: Bu üsullar iflasa məhkumdur
Bunu açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Azərbaycan isə bütün qonşuları ilə, o cümlədən Rusiya ilə normal, mehriban və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı olduğunu dəfələrlə nümayiş etdirib. “Bakı dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinə, suverenliyə hörmətə və qarşılıqlı maraqların nəzərə alınmasına üstünlük verir. Lakin təəssüf doğuran məqam odur ki, zaman-zaman qonşu ölkələrdən Azərbaycanın bu siyasətinə adekvat olmayan yanaşmaların şahidi oluruq”, – o vurğulayıb.
O əlavə edib ki, son günlər Rusiyada Azərbaycan əleyhinə səsləndirilən bəzi fikirlər artıq adi siyasi polemika və tənqid çərçivəsini aşaraq təhlükəli çağırışlar səviyyəsinə çatıb: “Aparıcı, jurnalist İvan Knyazev, siyasi məsləhətçi və media “eksperti” Semyon Uralov, həmçinin televiziya jurnalisti və müxbiri, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevin Azərbaycan dövlətinə qarşı zorakılığa, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına çağırışlar artıq siyasi fikir və ya “ekspert rəyi” kimi təqdim edilə bilməz. Belə çağırışlar dövlətlərin suverenliyinə və təhlükəsizliyinə toxunan məsələdir.
Özlərini “ekspert” adlandıran bu şəxslərin Azərbaycan haqqında səsləndirdiyi fikirlər isə əslində onların Azərbaycan reallığını nə qədər düzgün qiymətləndirdiklərini göstərir. Onların ritorikası “it hürər, karvan keçər” misalını xatırladır. Çünki Azərbaycan artıq həmin mərhələni çoxdan geridə qoyub”.
Deputat onu da qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, uzaqgörən və qətiyyətli siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb. “Bu reallığın əsas istiqaməti qarşıdurmanın davam etdirilməsi deyil, sülhün, təhlükəsizliyin, sabitliyin və regional əməkdaşlığın təmin edilməsidir.
Azərbaycanın mövqeyi dəfələrlə ortaya qoyulub: Bakı heç bir qonşusu ilə qarşıdurma istəmir. Əksinə, Azərbaycan regionda bütün dövlətlərlə normal və qarşılıqlı faydalı münasibətlərin qurulmasında maraqlıdır. Amma normal münasibətlər birtərəfli ola bilməz. Bir dövlət qonşusunun suverenliyinə hörmət edirsə, qarşı tərəfdən də eyni yanaşmanı gözləmək onun tam hüququdur. Dövlətlərarası münasibətlərdə təhdid dili, zorakılığa çağırış və ərazi bütövlüyünə qarşı ritorika heç bir halda münasibətlərin inkişafına xidmət edə bilməz”, – o vurğulayıb.
M. İbrahimqızı bildirib ki, Azərbaycan xalqı da kimin hansı məqsədlə danışdığını yaxşı anlayır:
“Cəmiyyət artıq müxtəlif dövrlərdə Azərbaycana qarşı aparılan təzyiq və təxribat kampaniyalarının dəfələrlə şahidi olub. Bu gün Azərbaycan cəmiyyəti dövlətçilik məsələlərində daha həmrəy və daha ayıqdır. Ona görə də kimlərinsə Moskvada, yaxud başqa bir yerdə Azərbaycan haqqında təhlükəli ssenarilər səsləndirməsi ölkədə siyasi xaos və ya parçalanma yaradacaq düşüncəsi tamamilə əsassızdır. Əksinə, belə çağırışlar Azərbaycan cəmiyyətində dövlətçilik ətrafında həmrəyliyi daha da gücləndirir.
Ən başlıcası isə budur ki, Azərbaycan artıq öz taleyini başqalarının qərarlarına həvalə edən ölkə deyil. Rusiya da daxil olmaqla bütün qonşular üçün ən düzgün yol Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında normal münasibətləri inkişaf etdirməkdir. Çünki Azərbaycanla qarşıdurmadan heç bir tərəf qazana bilməz.
Əksinə, qonşu dövlətə qarşı təxribatçı ritorikanın gücləndirilməsi ilk növbədə belə siyasətin müəlliflərinə zərər vurur və dövlətlərarası münasibətlərə inamı sarsıdır”.