Avropada ABŞ ordusunun Patriot raketləri ilə bağlı narahatlıq: Ehtiyatlar azalır
Bunun əsas səbəblərindən biri ABŞ-nin İranla müharibəsi fonunda raket ehtiyatlarının Avropadan Yaxın Şərqə köçürülməsidir.
ABŞ-nin Avropadakı və NATO rəsmisi anonimlik şərti ilə bildiriblər ki, hazırda Avropada yerləşən Patriot raketlərinin ehtiyatı davamlı ballistik raket hücumlarının qarşısını almaq üçün kifayət deyil. Onların sözlərinə görə, hətta tək bir genişmiqyaslı zərbə zamanı belə ABŞ və NATO-nun bölgədəki hava hücumundan müdafiə imkanları ciddi şəkildə məhdudlaşa bilər.
Patriot sistemləri Rusiyanın ballistik raketlərini ələ keçirə bilən azsaylı hava hücumundan müdafiə vasitələrindən biridir. NATO ərazisində hərbi obyektlərə və ya mühüm infrastruktura genişmiqyaslı raket zərbəsi endiriləcəyi təqdirdə, alyans ölkələrinin Ukraynadakı vəziyyətə bənzər problemlərlə üzləşə biləcəyi bildirilir.
Məlumata görə, ABŞ-nin raket ehtiyatlarının azalmasına son altı aydır davam edən İranla müharibə də təsir edib. Bir sıra Amerika tutucu raketləri Avropadan Yaxın Şərqə göndərilib. ABŞ və müttəfiqləri isə İranın raket və pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiə sistemlərindən fəal şəkildə istifadə edirlər.
Bununla belə, NATO və Pentaqon Avropada Patriot raketlərinin “kritik” səviyyədə çatışmadığı barədə məlumatları təkzib edir. Alyansın sözçüsü polkovnik Martin O’Donnell bu iddianı yalan adlandırıb. Pentaqon da ABŞ-nin sursat ehtiyatlarının kritik həddə çatması ilə bağlı xəbərləri rədd edib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, İranla müharibə ABŞ-nin Patriot ehtiyatlarının təxminən 65 faizinin, yəni 2 330 tutucu raketdən təxminən 1 500-nün istifadəsinə səbəb olub. ABŞ-nin 2026-cı ilin sonunadək təxminən 600 belə raket istehsal etməyi planlaşdırdığı, istehsal gücünün isə 2030-cu ilə qədər ildə 2 000 raketə çatdırılmasının nəzərdə tutulduğu bildirilir.
Eyni zamanda, Avropadakı ABŞ ordusunun ATACMS taktiki ballistik raketlərinin çatışmazlığı ilə də üzləşdiyi qeyd olunur. Lakin hücum xarakterli sursatlarla bağlı vəziyyətin o qədər də ciddi olmadığı bildirilir. Buna səbəb Avropa ölkələrinin “Taurus” və “Storm Shadow” kimi öz uzaqmənzilli raket sistemlərinə malik olmasıdır.
Avropa ölkələri hava hücumundan müdafiə sahəsində yaranan çatışmazlığı öz sistemləri hesabına qismən kompensasiya etməyə ümid edirlər. Almaniyanın sentyabr ayında Avropanın ilk Patriot raket istehsalı müəssisəsini açacağı, ilk tədarüklərin isə gələn ilin əvvəlində həyata keçirilə biləcəyi gözlənilir.
Bununla yanaşı, Rusiyanın NATO ölkələrinə raket zərbəsi endirməsi ilə bağlı təhlükənin hazırda yüksək qiymətləndirilmədiyi bildirilir. Ekspertlər hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi Moskvanın eyni vaxtda NATO ərazisinə qarşı genişmiqyaslı hava kampaniyası aparmaq imkanlarını məhdudlaşdırır.