Dənizin gözlənilməz təhlükəsi: Meduza axını atom elektrik stansiyasını iflic etdi

0
1787859556_yjy3mhzmdidswfav

Meduzaların kütləvi şəkildə sahilə yaxınlaşması Fransanın şimalında yerləşən Qravlin atom elektrik stansiyasının fəaliyyətinin qismən dayandırılmasına səbəb olub
Bu barədə BBC News-a istinadla xəbər verir.

Fransanın enerji şirkəti EDF-in məlumatına görə, reaktorların soyudulması üçün istifadə olunan dəniz suyunun filtrasiya sisteminə çoxlu sayda meduzanın daxil olması nəticəsində stansiyanın altı enerji blokundan ikisi çərşənbə və cümə axşamı günləri dayandırılıb.

Digər enerji bloku da eyni səbəbdən avqustun 10-dan etibarən fəaliyyət göstərmir. Daha bir blok isə texniki yoxlama məqsədilə dayandırılıb. Nəticədə hazırda üçüncü, dördüncü və altıncı enerji blokları işləmir. Birinci və ikinci bloklar isə ehtiyat tədbiri olaraq azaldılmış gücdə fəaliyyət göstərir.

Üçüncü enerji bloku ayın əvvəlində baş verən meduza axınından sonra yalnız avqustun 18-də elektrik şəbəkəsinə qoşulmuşdu.

Fransanın Hauts-de-France regionunda, Dunkerk və Kale şəhərləri arasında yerləşən Qravlin atom elektrik stansiyası ölkənin ən böyük nüvə obyektlərindən biridir. Stansiyanın altı enerji blokunun hər biri 900 meqavat elektrik enerjisi istehsal etmək gücünə malikdir. Reaktorların soyudulması üçün Şimal dənizi ilə əlaqəli kanaldan götürülən sudan istifadə olunur.

Oxşar hadisə ötən ilin avqustunda da Qravlində baş vermişdi. Meduzaların kütləvi şəkildə soyutma sistemlərinə daxil olması digər atom elektrik stansiyalarının fəaliyyətinə də təsir göstərib. 2011-ci ildə Şotlandiyanın Torness, 2013-cü ildə isə İsveçin Oskarshamn atom elektrik stansiyalarında analoji problemlər yaşanıb. Bununla belə, bu cür hallar nadir hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, meduzalar isti aylarda daha aktiv olur. Suyun temperaturunun yüksəlməsi dənizin səthində planktonun artmasına səbəb olur ki, bu da meduzaların sahilə yaxın ərazilərə axınını gücləndirir.

Meduzaların soyutma sistemlərinə daxil olmasının qarşısını almaq üçün Fransa mütəxəssisləri onları tutaraq sahildən daha uzaq ərazilərə buraxan balıqçılarla əməkdaşlıq edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir