İkinci əl telefon alarkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin sədri Elvin Abbasov Modern.az-a bildirib ki, IMEI klonlanması qanuni şəkildə qeydiyyatdan keçmiş telefonun IMEI kodunun başqa cihaza köçürülməsi deməkdir.
Ekspertin sözlərinə görə, IMEI-nin klonlandığını göstərən əlamətlərdən biri telefonun mobil şəbəkədən gözlənilmədən ayrılmasıdır. Belə hallarda operator tərəfindən xəbərdarlıq SMS-i də göndərilə bilər.
Bundan başqa, IMEI kodu yoxlanılarkən onun telefondan fərqli marka və modelə aid olduğu üzə çıxa bilər.
Elvin Abbasov qeyd edib ki, telefonu almamışdan əvvəl *#06# kodunu yığaraq cihazın IMEI nömrəsini öyrənmək və rəsmi IMEI yoxlama xidmətində onun qeydiyyat statusunu yoxlamaq lazımdır.
Eyni zamanda, qutuda, telefonun özündə və sistemdə göstərilən IMEI kodları bir-birinə uyğun olmalıdır.
“Bu kodlar bir-birindən fərqlidirsə, ciddi şübhə yaranır. Bu, ana platanın dəyişdirilməsi və ya cihaza başqa IMEI kodunun yazılması ilə bağlı ola bilər. Belə cihazı almaq böyük riskdir”, – deyə Elvin Abbasov bildirib.
Ekspert vurğulayıb ki, klonlanmış IMEI əsasən cihazın mobil şəbəkədən bloklanmasına səbəb ola bilər.
Onun sözlərinə görə, IMEI-nin klonlanması öz-özlüyündə telefondakı şəxsi məlumatların birbaşa oğurlanması demək deyil. Lakin cihaza qeyri-rəsmi proqram təminatının yüklənməsi əlavə təhlükəsizlik riskləri yarada bilər.
Belə problemlə qarşılaşan şəxsin ilk növbədə satıcıya müraciət etməsi, məsələ həll olunmadıqda isə aidiyyəti qurumlara müraciət etməsi tövsiyə olunur.