“Öz “İstisu”yumuzu içəcəyik” – PREZİDENTLƏRİN ƏNƏNƏSİ KƏLBƏCƏRDƏ DAVAM ETDİRİLDİ – VİDEO
Diplomatik korpus nümayəndələrinin Kəlbəcərdəki “İstisu” zavoduna səfəri zamanı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu birlikdə “İstisu” içiblər.
Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian çox gözəl bir ənənənin əsasını qoyublar.
“Prezidentlər qərara gəldilər ki, Kəlbəcərin suyunu – ‘İstisu’ içəcəyik. Başqa sözlə desək, öz ‘İstisu’yumuzu içəcəyik. Bu ənənənin davamı olaraq biz də İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə ‘İstisu’ içməyə qərar verdik. Qardaş İran xalqına da ‘İstisu’nun çatdırılması yollarını birlikdə düşünəcəyik. Əminik ki, onlar da bu suyun dadını yüksək qiymətləndirəcəklər”, – Prezidentin köməkçisi qeyd edib.
Xatırladaq ki, avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında maraqlı dialoq yaşanıb.
Görüş zamanı Prezident İlham Əliyev iranlı həmkarına Azərbaycandan gətirilən “İstisu” mineral suyunun dadına baxmağı təklif edib. Daha sonra İlham Əliyev və Məsud Pezeşkian birlikdə “İstisu” içiblər.