Tarix yazılan saxta kağızda deyil, xalqın yaddaşında yaşayır
Bunu açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
O bildirib ki, Qarabağ qədim dövrlərdən etibarən Qafqaz Albaniyasının siyasi və mədəni məkanının mühüm hissələrindən biri olub:
“Kür və Araz çayları arasında yerləşən ərazilər Albaniyanın dövlətçilik tarixində xüsusi yer tutub. Bu coğrafiyada dövlətçilik ənənələri formalaşıb, xristianlıq yayılıb, Alban kilsəsi və zəngin dini-mədəni irs meydana gəlib.
Qafqaz Albaniyasının mürəkkəb geosiyasi şəraitdə uzun müddət mövcudluğunu qoruması da təsadüfi deyildi. Alban hökmdarı Cavanşirin fəaliyyəti bunun ən parlaq nümunələrindən biridir. O, regionun iki böyük gücü – Sasani imperiyası və Ərəb xilafəti arasında gedən mübarizədə çevik diplomatik siyasət yürüdərək Albaniyanın maraqlarını qorumağa çalışırdı. Cavanşir öz siyasi mövqeyini Ermənistanın deyil, məhz Albaniyanın dövlət maraqları üzərində qurmuşdu. Bu fakt belə göstərir ki, həmin dövrdə Albaniya ayrıca siyasi subyekt kimi çıxış edirdi.
VIII əsrin əvvəllərində Ərəb xilafətinin bölgəyə hakim olması ilə Albaniya müstəqil dövlət kimi mövcudluğunu itirsə də, Alban dövlətçilik və dini-mədəni ənənəsi tamamilə yox olmadı. Sonrakı əsrlərdə Qarabağ ərazisində Alban knyazlıqları və feodal siyasi qurumları bu ənənənin davamını yaşatdı. IX-XIII əsrlər isə alban dövlətçilik və mədəni irsinin yeni dirçəliş mərhələsi kimi xarakterizə olunur. Həsən Cəlal Dövlənin adı ilə bağlı Gəncəsər monastırı bu irsin ən mühüm simvollarından biridir”.
K.Bayramov əlavə edib ki, bu gün Qarabağdakı qədim xristian abidələri ilə bağlı əsas mübahisələrdən biri də onların tarixi mənsubiyyətidir:
“Burada bir mühüm məqamı xüsusi vurğulamaq lazımdır: sonrakı əsrlərdə abidəyə edilən müdaxilə onun ilkin tarixini dəyişmir. Bir məbədin divarına sonradan başqa dildə yazı əlavə edilməsi həmin tikilinin əvvəlki tarixini avtomatik olaraq dəyişdirmir. Tarixi müəyyən edən yalnız daş üzərindəki sonrakı yazı deyil; memarlıq üslubu, arxeoloji qat, kitabələr, qədim mənbələr və digər elmi dəlillər bütöv şəkildə araşdırılmalıdır.
Alban kilsəsinin tarixi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Kiş məbədi, Gəncəsər, Xudavəng və Ağoğlan kimi dini abidələr Azərbaycanın qədim xristian irsinin mühüm nümunələridir. Alban Katolikosluğunun uzun əsrlər ərzində mövcud olması, dini mərkəzlərin fəaliyyət göstərməsi və katolikosların bu coğrafiyada dini idarəçiliyi həyata keçirməsi Alban xristian irsinin ayrıca tarixi ənənəyə malik olduğunu göstərir”.
Onun sözlərinə görə, XIX əsrdə bölgənin Rusiya imperiyasının tərkibinə daxil edilməsindən sonra baş verən inzibati və dini dəyişikliklər isə Alban kilsəsinin taleyinə ciddi təsir göstərdi:
“1836-cı ildə Alban Katolikosluğunun ləğv edilməsi və onun erməni kilsə strukturlarına tabe etdirilməsi bu baxımdan dönüş nöqtələrindən biri oldu. Bundan sonra Alban dini irsinin kimliyinin dəyişdirilməsi və onun başqa dini-mədəni ənənəyə daxil edilməsi prosesi daha da gücləndi. Lakin tarix yalnız inzibati qərarlarla dəyişmir. Bir dövlətin fərmanı, bir kilsənin qərarı və ya sonradan yazılmış kitabə əsrlərlə əvvəl mövcud olmuş tarixi gerçəyi silə bilməz”.
Deputat hesab edir ki, Azərbaycan üçün bu məsələnin əhəmiyyəti yalnız keçmişlə bağlı deyil: “Qarabağda mövcud olan Alban irsi Azərbaycan xalqının çoxəsrlik tarixi-mədəni yaddaşının mühüm hissəsidir. Bu irsin qorunması və dünyaya düzgün təqdim olunması həm elmi, həm də mənəvi məsuliyyətdir.
Əslində, tarixi saxtalaşdırmaq istəyənlərin ən böyük problemi elə tarixin özüdür. Çünki tarix yalnız bir mənbədən ibarət deyil. Torpaq danışır, daş danışır, memarlıq danışır, qədim kitabələr danışır, arxeoloji tapıntılar danışır. Bu səslərin hamısını susdurmaq mümkün deyil.
Heç bir saxta kitabə, dəyişdirilmiş yazı və sonradan yaradılmış narrativ əsrlərin yaddaşını tamamilə silə bilməz.
Bu gün əsas vəzifə tarixi emosional şüarlarla deyil, mötəbər mənbələr, arxeoloji faktlar və beynəlxalq elmi tədqiqatlarla dünyaya çatdırmaqdır. Çünki həqiqətin ən böyük gücü onun sübuta ehtiyac duymamasında deyil, sübutlarının zaman keçdikcə daha da çoxalmasındadır.
Qarabağın tarixinin saxtalaşdırılmasına cəhdlər ola bilər, amma dəyişdirilə bilməz. Çünki tarix yazılan kağızdan əvvəl torpaqda, daşda və xalqın yaddaşında yaşayır”.