27 sentyabr – Dövlətin siyasi iradəsinin təntənəsi günü

0
1790491706_5d33f17ccdde473d9e1eb91c76e4d0c0

“27 Sentyabr 2020-ci il.. Azərbaycan tarixinin dönüş nöqtəsi. Həmin gün 30 illik işğala, məğlubiyyət psixologiyasına və bitməyən status-kvoya son qoyan Zəfər yürüşünün ilk addımı atıldı. Azərbaycan Ordusu “Dəmir yumruq”la döyüş meydanına çıxdı və 44 gün sonra Qarabağın səmasında üçrəngli Bayrağımız dalğalandı. Bu, sadəcə hərbi əməliyyat deyildi, eyni zamanda Azərbaycanın öz tarixi torpaqlarını azad etmək iradəsinin, xalqın milli birliyinin və dövlətin siyasi iradəsinin təntənəsi idi”.

Bunu  açıqlamasında Milli Məcliisn deputatı Məlahət İbrahımqızı deyib.

O bildirib ki, 27 Sentyabrdan başlayan yürüş günbəgün Zəfərə çevrildi:

“Azərbaycan Ordusu düşmənin illər ərzində qurduğu müdafiə sədlərini yardı, strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı… Ardınca isə Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi Şuşa azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin taleyini həll edən tarixi hadisəyə çevrildi”.

Deputat qeyd edib ki, bu Zəfərin arxasında Azərbaycan xalqının sarsılmaz birliyi dayanırdı:

“Cəmiyyətin bütün təbəqələri, ölkə daxilində və xaricində yaşayan azərbaycanlılar vahid məqsəd ətrafında birləşmişdi. “Dəmir yumruq” məhz bu milli həmrəyliyin simvoluna çevrildi. Ordunun döyüş meydanındakı uğurları, dövlətin siyasi iradəsi və xalqın mənəvi dəstəyi 44 günlük savaşın əsas dayaqlarını formalaşdırdı.

44 günlük müharibə Azərbaycanın hərb tarixində yeni səhifə açdı. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd azad edildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra Ağdam, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması ilə ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ tamamlandı”.

O həmçinin bildirib ki, Zəfər yürüşünün son nöqtəsi 2020-ci ilin noyabrında qoyulmadı:

“2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri ilə Qarabağdakı qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi, ölkənin bütün ərazisində Konstitusiya quruluşu təmin olundu”.

M. İbrahimqızı onu da əlavə edib ki, bu gün Zəfərin yeni mərhələsi başlayıb: “İşğaldan azad edilmiş ərazilər yenidən qurulur, şəhərlər və kəndlər dirçəldilir, Böyük Qayıdış həyata keçirilir. Deməli, 27 Sentyabr yalnız müharibənin başladığı tarix deyil. Bu tarix Azərbaycanın məğlubiyyət səhifəsini bağlayaraq Zəfər tarixini yazmağa başladığı gündür. 27 Sentyabrda başlanan Zəfər yürüşü təkcə torpaqları deyil, Azərbaycanın milli qürurunu, dövlətçilik iradəsini və gələcəyə inamını da bərpa etdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir