Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

0
1789391126_untitled-design-5

Sabah – sentyabrın 15-də Azərbaycanda yeni tədris ili başlayır. Bakı sakinlərini maraqlandıran əsas sual isə paytaxt yollarında vəziyyətin necə olacağıdır. Adi günlərdə də tıxac və sıxlıq müşahidə olunan küçə və prospektlərdə həm yay tətilinin başa çatması, həm də məktəblərin açılması ilə hərəkətin də çətinləşəcəyi gözlənilir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir neçə gündür sentyabrın 15-i ilə bağlı sürücülərə, valideyn və tələbələrə çağırış edirlər.

“Onlardan xahiş olunur ki, nəqliyyat vasitələrini dayanma və durmanın qadağan edildiyi yerlərdə, yolun hərəkət hissəsinin ikinci cərgəsində, ictimai nəqliyyatın dayanacaq məntəqələrində və digər hərəkət iştirakçılarına maneə yaradacaq şəkildə saxlamasınlar. Avtomobillərin mümkün qədər yerüstü və yeraltı dayanacaqlarda, eləcə də müəyyən edilmiş parklanma yerlərində saxlanılması tövsiyə olunur”, – Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin valideynlərə və tələbələrə çağırışında bildirilib.

AYNA isə tədris mövsümünün başlaması ilə əlaqədar Bakı şəhərində sərnişindaşıma imkanlarının artırılması istiqamətində tədbirləri genişləndirir. Nəticədə sabahdan paytaxtda marşrut xətlərinə cəlb edilən avtobusların sayı rekord həddə – 2530-ə çatdırılır.

Bəs paytaxt Bakı artan sərnişin axınına hazırdırmı? Gözlənilən tıxacların aradan qaldırılması üçün hansı işlərin görülməsinə ehtiyac var?

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Ölkə.az-a açıqlamasında bildirib ki, tədris ilinin başlaması hər il şəhər üçün bir imtahandır:

“Bu zaman sıxlıq, bəzi hallarda hərəkətin dayanması kimi hallar müşahidə olunur. Düşünürəm ki, bu il də istisna olmayacaq. Çünki köklü dəyişikliklər üçün qərarlar verilsə də, müəyyən problemlər mövcuddur. Belə ki, hazırda paytaxtda bir neçə layihə icra olunur və bunların paralel aparılması fəsadsız ötüşməyəcək. Bir il öncə başlamış tunel tipli ötürücü layihəsi ilə bağlı Xırdalan və Sumqayıt arasında dəmiryolu əlaqəsin dayandı, tikintinin ötən aylarda bitməsi xəbəri yayılsa da, iş hələ başa çatmayıb. Eləcə də, Xırdalan istiqamətində dəmiryolu körpüsündə görülən təmir işləri ilə bağlı qatarların çatma müddəti uzanıb.

Digər tərəfdən xətlərin ayrılması layihəsi çərçivəsində metronun “28 May” və “Nizami” stansiyaları arasında hərəkət dayanıb. Alternativ olaraq ekspress marşrutlar təşkil olunsa da, avtobus sistemi metro ilə rəqabət aparacaq gücdə deyil. Bu layihələr fonunda yollarda tıxac və sıxlıqların artacağı gözləniləndir.

Bununla bərabər dünən 8 Noyabr prospektində təmir işlərinin aparılması ilə bağlı elan verildi. Ümumiyyətlə, cənub istiqamətində əsas prospektlərdən birinin qismən belə bağlanması digər istiqamətin daha çox yüklənməsinə yol açacaq”.

Ekspert deyib ki, burada çıxarılacaq dərslər var. Onun sözlərinə görə, qurumlar arasında koordinasiya artmalı, az xərcli tez nəticə verən layihələrə diqqət artırılmalıdır:

“Əslində, şəhərin əsas nüvə hissəsi çox böyük məsafədə deyil, lakin piyada səkilərinin bərbad olması, zolaqlı, işıqforlu piyada keçidlərinin məhdudluğuı insanları avtomobil yollarına yönəldir, qısa məsafəni də avtomobillə getmək kimi zərurət yaranır. Bu da avtomobilləşməni artırır, şəhərin daha çox yüklənməsinə səbəb olur”.

R.Ağamirzəyevin fikrincə, həll yolları mərhələlidir:

“Həll yollarından biri kimi avtobus və mikromobillik zolaqlarının ayrılmasını göstərə bilərik ki, bunun da davamlılığı təmin olunmalıdır. İlk öncə səkilər abadlaşmalı, daha sonra işıqforlarla axınlar ayrılmalıdır.

Həmçinin Bakı şəhərinin Baş planında nəzərdə tutulmuş polisentrik, yəni çoxmərkəzli şəhər anlayışı gündəlik mobillikdə və logistikada da hiss olunmalıdır. Bu gün logistika əsasən şəhərin qərb hissəsində cəmlənir, bütün yüklər Abşeron logistika mərkəzinə yığılır və buradan şəhərin digər istiqamətlərinə ötürülür. Logistika mərkəzinin şəhərin mərkəzinə yaxın Keşlə ərazisində təşkili dəyərləndirilməlidir. Bu da yüklərin müxtəlif logistika mərkəzlərindən özlərinə yaxın məsafəyə daha rahat ötürülməsinə və yük avtomobilləri ilə şəhərin daha az yüklənməsinə yol aça bilər.

Digər misal avtovağzal ilə bağlıdır. Belə ki, şəhərin müxtəlif nöqtələrində bir neçə avtovağzalın yaradılmasına ehtiyac var. Bununla da, insanlarda şəhərin bir tərəfindən digər tərəfinə getmək zərurəti yaranmayacaq, hərkəs özünə yaxın avtovağzal və ya stansiyadan öz səfərini təşkil edə biləcək. Bu da sərnişin və yük axının bölünməsinə gətirib çıxaracaq”.

Ekspert vurğulayıb ki, ilk dərs günü ilə bağlı bütün qohumlarla və şəxsi avtomobillə məktəblərin önünə getmək praktikasından uzaqlaşılmalıdır. Onun fikrincə, şəhərin mərkəzinə doğru fərdi avtomobillə gəlmək hər keçən gün çətinləşəcək:

“İnsanlar özləri də başa düşməlidir ki, fərdi avtomobillərdən daha çox istifadə şəhəri iflic edir. Bununla bağlı maariflənmə işləri artırılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir