Deputat toyuq ətinin bahalaşmasından narazılıq etdi
Mövzu ilə bağlı Modern.az-a Milli Məclisin deputatı Razi Nurullayev açıqlama verib:
“Toyuq ətinin təxminən 25 faiz bahalaşmasını yalnız mal ətinin qiymət artımı ilə əlaqələndirmək doğru deyil. Mal əti bahalaşdıqda toyuğa tələbin artması mümkündür, amma bu, 25 faizlik artımı öz-özünə izah etmir”.
Deputat bildirib ki, burada əsas məsələ qiymətin hansı mərhələdə yüksəldiyini müəyyən etməkdir. Əgər istehsal xərcləri ciddi dəyişməyibsə, o zaman topdansatış, təchizat və pərakəndə satış zəncirinə baxmaq lazımdır.
“Bir məsələyə əminəm: bazarda qiymət artımı varsa, onun səbəbi rəqəmlərlə izah olunmalıdır. “Bazar belədir” cavabı kifayət deyil. Xüsusilə toyuq əti əhali üçün əsas və daha əlçatan ərzaq məhsullarından biridir. Ona görə də burada həm istehlakçının, həm də dürüst sahibkarın maraqları qorunmalıdır”- R.Nurullayev söyləyib.