Uşaqlar hər gün ən azı 2 saat bunu etməlidir – Həkimdən tövsiyə
Bu barədə rusiyalı oftalmoloq Anton Kazantsev danışıb.
Onun sözlərinə görə, uşaqların görmə qabiliyyəti həyatın ilk illərində formalaşır və yeniyetməlik dövrünə qədər inkişaf etməyə davam edir. Bu dövrdə bəzi vərdişlər qadcetlərdən istifadəyə qoyulan istənilən məhdudiyyətdən daha təsirli ola bilər.
Həkim ilk növbədə qeyd edib ki, göz almasının düzgün inkişafı üçün parlaq gün işığı lazımdır. Mütəxəssisin sözlərinə görə, gün işığının təsiri altında torlu qişada miopiyaya qarşı təbii qoruyucu rolunu oynayan dopamin ifraz olunur. O vurğulayıb ki, hər gün iki saat açıq havada olmaq fizioloji zərurətdir. Çünki hətta buludlu havada belə, küçədəki işıqlandırma otaqdakından dəfələrlə yüksək olur.
“Uşaq otağında stolüstü lampadan istifadə edilsə belə, ümumi işıqlandırma həmişə açıq olmalıdır. Optimal seçim 4000-4500 K rəng temperaturuna malik neytral ağ işıqdır. Sağ əllə yazan uşaqlar üçün lampa solda, sol əllə yazanlar üçün isə sağda yerləşdirilməlidir ki, əlin kölgəsi masanın üzərinə düşməsin. İşıqlı səthlə qaranlıq otaq arasındakı kontrast görməni uzun müddət ekran qarşısında işləməkdən daha çox yorur”, – deyə mütəxəssis bildirib.
Bundan əlavə, oftalmoloq diqqətə çatdırıb ki, kitab oxuyarkən gözlə kitab arasındakı məsafə 30-40 santimetr olmalıdır. Həkim izah edib ki, bu məsafədə göz bülluru ən az gərginliklə işləyir. Onun sözlərinə görə, bunu müəyyən etmək üçün sadə bir meyar var: uşağın dirsəkləri masanın üzərində olmalıdır. Əgər uşaq başını kitaba doğru əyirsə, deməli, məsafə düzgün deyil.
Bununla yanaşı, yaxın məsafədən hər 20 dəqiqəlik işdən sonra fasilə vermək lazımdır. Uşaq baxışlarını altı metrdən uzaqda yerləşən obyektə yönəltməli və 20 saniyə ərzində həmin obyektə baxmalıdır. Həkimin sözlərinə görə, bu, akkomodasiya spazmını aradan qaldırmağın etibarlı üsuludur. Qarşı divara yapışdırılan parlaq stiker isə baxışları yönəltmək üçün istinad nöqtəsi ola bilər.
Həkim bildirib ki, quru hava da gözün səthini örtən gözyaşı təbəqəsinə mənfi təsir göstərir. O izah edib ki, buynuz qişa quruduqda uşaq daha tez-tez gözlərini qıyır və ovuşdurur. Uşaq otağında optimal rütubət 40-60 faiz olmalıdır. Buna görə də oftalmoloq otağın hər iki saatdan bir havalandırılmasını və hava nəmləndiricilərindən istifadə edilməsini tövsiyə edib.
Öyrəşilməsi tövsiyə olunan ən sadə vərdiş dərslər arasındakı fasilələrdə pəncərədən bayıra baxmaqdır. Telefon ekranına deyil, ağaclara, buludlara və üfüqə baxmaq lazımdır. Bu, görməni yaxın məsafəyə fokuslanmaqdan uzaqdakı obyektlərə yönəldir və göz əzələlərinin gərginliyini azaldır.
“Miopiya tədricən inkişaf edir. Xüsusilə işığın az olduğu, havanın quru olduğu və məkanın məhdud olduğu şəraitdə bu proses sürətlənə bilər. Lakin bu şərtləri düzəltmək mümkündür və bunun üçün uşağa qadcetlərdən istifadə etməyi qadağan etmək lazım deyil. Sadəcə işıqlandırmanı, rütubəti və məsafəni dəyişmək kifayətdir. Bir qaydaya əməl etməklə başlayın, sonra digərlərini tədricən əlavə edin. Tezliklə uşağınızın gözlərini daha az qıydığını və baxışlarını yaxın obyektlərdən uzaqdakılara daha asan yönəltdiyini görəcəksiniz”, – deyə mütəxəssis fikrini yekunlaşdırıb.